pamukkalepamukkale
43, denizli
mahmutcantekinmahmut...
, ADIYAMAN/
ZüricherinZüric...
19, ZÜRICH
alev24alev24
24, Ankara
SUSKUN YÜREKSUSKUN...
23, İstanbui
nesimseknesimsek
49, Ankara
bestekarbestekar
, Hollanda
Sadık YılmazSadık...
36, İSTANBL

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

Kənd mədəniyyəti, Bakı mədəniyyəti və ”bir möhtəşəm etiraf” haqqında düçüncələr...

Bir neçə kəliməlik giriş əvəzi

Hər bir cəmiyyət öz qüsurlarını görməyi bacarmalıdır. Əgər cəmiyyətin əksəriyyəti qışqırmaq lazım gələndə susur, susmaq lazım gələndə isə, qışqırırsa, bu artıq təhlükədən xəbər verir. Son günlər ərzində baş vermiş iki olayın yüngülvari müqayisəsini aparacam. Ən azından, buna çalışacam. Birincisi, deputat Etibar Hüseynovun ANS-də Bakı mədəniyyəti və məcburi köçkünlər haqqında məlum çıxışı və ikincisi, jurnalist Ləman Əliəşrəfqızının müəllifliyi ilə yenə də ANS-də 1-2 aprel, 1993-cü il məlum Kəlbəcər hadisələri barədə efirə getmiş videomateriallar.

Hörmətli deputat Etibar Hüseynovun çıxışına mən hay-küy qalxandan xeyli sonra baxmışam. Və təəcübləmişəm, mənə hələ də qaranlıq qalıb məsələ ki, insanlar onun hansı sözlərinə bu qədər kəskin və qeyri-adekvat reaksiya veriblər?

Bir məcburi köçkünün səmimi etirafları və kənd mədəniyyəti

Və mən etiraf edirəm. Bəli, biz 1993-1995-ci illərdə aqressivdik, məyus idik, yerli əhali ilə ara-sıra da olsa, təqsirin mənbəyindən asılı olmayaraq münaqişələrdə idik. Sonralar el-elə sığdı. Tamamilə gərginlik içərisində, kimi soyuq, hər nəfəsi ölüm dolu səngərlərdə, kimi ümidsizcəsinə iş axtarışında, kimi hər gün çörək növbələrində tapdanmaqda, kimi soyuqlar düşən kimi darısqal odalarda işıqsız, istiliksiz donmaqda, kimi məktəb, dəftər-kitab arayışında, və s. min bir sınaqlarda idik. Əbədiyyən yadımdan çıxmaz ki, altı yaşlı kiçik qardaşım bir gün küçədə gedəndə “Snickers” şokoladı istədi, atamın onu almağa pulu olmadı. Təkcə cibində deyil, məskunlaşdığımız yerli qohum evində də pulumuz yox idi. Və 20 il müəllim-direktor staji olan adam alver etmək üçün savaşırdı sözün əsl mənasında, alver olanda pul olurdu, olmayanda vəziyyət pis idi.

3 illik müharibə, həm də mühasirə şəraitindən çıxıb gəlmişdik, zarafat deyil. Kəlbəcərdə 1990-cı ilin yanvarından etibarən elektrikimiz yoxdu, hər nə iş görsək saat maksimum 19:00-dək tamamlamalı idik. Ölkənin digər əraziləri ilə tək bir quru yolu bağlantımız vardı ki, o da ilin 7 - 8 ayını az qala keçilməz olurdu. Hər şey qıtdı, gecə-gündüz qorxu altında yaşayırdıq. O zamankı sülhpərvər hökumətimiz müharibə və mühasirə şəraitində olmağımıza baxmayaraq hələ 1992-ci ilin əvvəllərində ov tüfənglərinə qədər yığmışdı əhalidən. Xalq hərəkatının siyasətdən, qos-qoca dünyanı döndürən dinamiklərdən xəbərsiz “aslanları” isə, günlərin bir günü bütün Azərbaycanda olduğu kimi, Kəlbəcərdə də dağılmış imperiyanın hərbi güclərinin töküntülərinə meydan oxumaq cəsarətini belə özlərində tapmış, rayon mərkəzindəki silah-sursatı zorla ələ keçirməyə uğursuz bir cəhd də göstərmişdilər...

Bir az da əvvələ, yaxşı xatırlaya bildiyim daha bir neçə il əvvələ qayıdaq. Leonid Brenjyevin tabutunun qəbirə əsgərlərin əllərindən birdən buraxılarkən çıxardığı gurultu səsini mən də xatırlayıram. Radiomuz vardı. Ancaq əksəriyyətin yoxdu. TV isə, bizim evdə ilk dəfə 1989-cu ildə peyda oldu. Həddindən artıq mürəkkəb quruluşlu, aliminium konstruksiyalardan hazırlanmış 9 metr uzunluğunda antennamızı da yaxşı xatırlayıram. O boyda həngamə ilə hər yerdə olduğu kimi cəmi iki kanala baxa bilirdik. Ancaq, təəssüflər olsun ki, böyük əksəriyətin TV-si orada heç olmadı. Eləcə də, kəndlərdə k/t-lar yox idi.

Hətta 80-ci illər ərzində belə məktəb uşaqlarının bir çoxunu hələ də müəllmlər evlərindən zorla çıxarıb gətirirdilər məktəbə. Təəccüblü olsa da, dövrünə görə zəngin kənd kitabxanamız vardı. Mən genetik olaraq kitaba bağlı idim. Hər iki valideyinim müəllim idilər. Ancaq orada kitabxanada kitabları sevindirən o qədər də oxucu görmədim heç vaxt.

Əvvəlki bir neçə paraqrafda sadalananlar kənd həyatı üçün o qədər də vacib deyil. Nə gərək vardı ki? Bütün qaçqın və məcburi köçkünlər hamısı qızıl insanlardır. Ürəyiaçıq, qəlbigeniş, səmimi, qonaqpərvər, yeməkli-içməkli, gözəl müsiqi duyumlu, sözdən, sənətdən anlayan, bir sözlə sadalamaqla bitməz. Ancaq dünyanı çiyinlərində daşıyan, əsasən meqapolislərdə və paytaxt şəhərlərdə yaşayan bir lokomotiv kütlə var. Və o kütlənin də etalon mədəniyyəti var. Rayonlardakı, kəndlərdəki əhalinin mədəniyyəti həmin o Sovet dövrünün etalon mədəniyyətindən fərqli idi. Çünki hər iki cəbhənin mədəniyyətə, mədəni, əxlaqi-mənəvi dəyərlərə öz baxış prizmaları vardı. Məsələn, Rus dilini kəndlərdə öyrənməz, bu dildə danışanları lağa qoyardılar. Necə ki, Bakıda Rus dilini bilməyənlərə “çuşka” deyirdilər, rayonlarda da Rus kəlimələri işlədənlərə “yekəxana”, “ədəbaz” və s. ləqəblər taxardılar.

Və beləliklə, qəzet-jurnalsız, kitabsız, dəftərsiz, radiosuz, tv-siz, k/t-sız (təbii ki, şəhərə nisbətən) və s. “kənd mədəniyyəti” ilə sadalananlarsız təsəvvür edilməyəcək “şəhər mədəniyyəti” fərqli anlayışlardı.

İki fərqli mədəniyyətin toqquşması

Və qəfildən sizi firavan, azad (bizim halımızda isə, qorxulu, barıt qoxulu, top atəşləri ilə zəngin, məşəqqətli) kənd həyatından vurub çıxarırlar və salırlar son dərəcə parlaq, cazibədar bir qəfəsin içinə. Qəfəs o mənada ki, şəhər həyatı çərçivələrlə əhatələnir. Bunu etmək olar, onu isə yox. Bir sözlə, “kənd mədəniyyəti”ndən “şəhər mədəniyyəti”nə qəfil sıçrayış... Xüsusilə də, elə bir həssas zamanda ki, sonuncu özü də SSRİ-nin dağılması ilə əvəzsiz intelligensiya potensialını sürətlə itirməkdə idi.

Müharibə şəraitindən çıxmış, yaxınlarını itirmiş, maddi-sosial problemlər məngənəsində boğulan, illər boyu qurduğu arzular, planlar bir anın içərisində qəddarcasına məhv edilmiş (hörmətli deputata təqribi istinad) insanlarsa, tam təbii olaraq, hər fürsətdə sözügedən şəhər qaydalarına, çərçivələrə tüpürməli idilər və tüpürürdülər də. Yaşamaq uğrunda mübarizə gedirdi çünki. Hətta insan normal şəraitlərdə belə yeni bir mühitə düşəndə, bu mühitə alışması üçün xeyli vaxt keçir və bu vaxt ərzində də xeyli mənəvi dəyərlər maddi hiss və arzuların, ehtirasların qurbanına çevrilir. Hörmətli deputat, məncə, elə bunu deyirdi. Və onun söylədiklərini mən bisavad tam səmimiyyətlə anladım.

Nə isə. Etibar müəllimin üzərinə bu cür hücumlardan əməlli-başlı şoka düşmüşəm. Nə əlaqəsi var onun söylədiklərinin dahi Azərbaycan musiqiçiləri ilə, yazıçıları ilə? Təbii ki, kənd mədəniyyətinin şəhər mədəniyyətinə töfhələrini (insan kapitalını) çıxsaq, o zaman gərək ədəbiyyat, incəsənət, elm və s. sahələrdə yaranan boşluğun dolması üçün əbədiyyətə qədər gözləyək. Ancaq həmin o insan kapitalını da şəhərə buraxmasaq, o zaman dahilərin orta statistik kəndlidən heç bir fərqi olmayacaq.
Əlqərəz, deputat başqa, həm də çox aktual məqamlara toxunurdu. Adam Bakının mövcud problemlərindən, bir vaxtlar bütün SSRİ-də barmaqla göstərilən “Bakı mədəniyyəti”nin əriyib yoxa çıxmasının səbəblərindən, həmin problemlərin mümkün həlli yollarından danışırdı. Belə götürək ki, Azərbaycanın rayonlarının birindən illər əvvəl Bakıya gəlib, zəhmət çəkib (və yaxud çəkməyib, bunun mətləbə dəxli yoxdur) varlanıb özünə İçəri Şəhərdə mənzil alan biri, dövlət və dünya tərəfindən qorunan o evi söküb dağıdıb, “öz gözəl zövqünə” uyğunlaşdırır. Bir primitiv bir misaldır. Ancaq o cür gözəlliyi, tarixi abidəni məhv etməyə əli gələn adamın qatildən fərqi yoxdur. Və yaxud, ağacları qırıb yerində bina tikən insan elə əsl qatildir. Axı hər nəfəsdə dövlətin məcburetmə və cəzalandırma tədbirlərini tətbiq etmək alınmır. İnsan özü öz nəfsini, ehtiraslarını kontrol etməyi bacarmalıdır. Deputat da, məncə, açıqca, bunu demək istəyirdi ki, həmin o timsali pullu adamın yerinə klassik “Bakı mədəniyyəti”nin nümayəndələrindən hər hansı biri olsa idi, çox nadir hallarda belə hərəkətlərə yol verərdi. Və tam səmimiyyətimlə deyirəm ki, mən Etibar müəllimlə tam razıyam.
Beləliklə, şəhər mədəniyyətinin əsas üstünlüyü odur ki, “qaymaqlar”ın nümunəvi davranışları və ictimai qınaq institutu dövlət məcburetmə aparatı ilə birlikdə əksəriyyəti həddini aşmağa qoymur və onları özündə “əridərək” normal davranmağa vərdiş etdirir.

Üzr diləmək böyüklüyü

Mən Etibar müəllimi səmimi qəlbdən alqışlayıram. Çünki onun fikirlərində təhqir elementləri yox idi və doğru danışırdı. Günah iş görmədən üzr istəməyə qadir olduğunu göstərdi. Böyük insandır. Ortada sadəcə bir yanlış anlaşılma var idi. Keşkə qarşı tərəf ona münasibətdə belə aqressivlik nümayiş etdirməyəydi.

Sərhədsiz media

İndi keçək ikinci məsələyə. 1 aprel 2014-cü il tarixində jurnalist Ləman Əliəşrəfqızının, eləcə ANS şirkətinin hazırladığı materiallarda Kəlbəcər əhalisi rayonunun müdafiəsini layiqincə təşkil etməməkdə günahlandırılır. On minlərlə insan nalayiq sözlərlə xanım aparıcı tərəfindən təhqir edilir. Həmişəki kimi, gec xəbər tuturam. Aprelin 7-də mənim Kəlbəcərdən olduğumu bilən bir türk tələbə gülə-gülə mənə “Arkadaş ANS diyor ki, Kelbeceri sen satmışsın, bırakmışsın, kaçmışsın.” söyləyir.

Dörd nəticəsiz müraciət

Həmin gün verilişi İnternetdə tapıb baxıram və Ləman xanımın facebook inboksuna nə üzr, nə təkzib tələbi qoymadan, küskün bir məktub ünvanlayıram. Cəmi iki saat sonra xanım jurnalist tərəfindən “zilə çıxmayın qardaşlar”, “ANS-in efirində elə materiallar var ki, onları versək çoxlarının ağız dadı qaçar”, “Bir qrup Kəlbəcər əhli ANS-in jurnalistini təhqir etdi” və s. şantaj xarakterli ikinci video materialı izləmək işgəncəsini yaşayıram. Yazdıqlarımı bir daha oxuyuram. Xeyir, təhqir filan yoxdur. “Bəlkə başqaları var?” deyə İnternetdə axtarış aparıram. Tapdığım olan-qalan bir materialda göstərilir ki, əslən Kəlbəcərdən olan bir hüquq müdafiəçisi bir qrup etirazçı adından mətbuat şurasına şikayət hazırlayır. Bu dəfə real şəraitə uyğun ikinci məktubu hazırlayıram və göndərirəm xanımın inboksuna. Daha sonra ANS-in prezidenti Vahid müəllimə və eləcə də, qocaman jurnalist Mais Məmmədova müraciətlər ünvanlayıram. Müraciətlərim heç biri gizli deyil və onların hamısını sosial mediada yayımlayıram (facebook hesabımda oxuya bilərsiniz).

8 aprel 2014 cü il, saat 16:42. ”Mən qərarımı vermişəm. Sağ ol qardaşım, sizin haqqınızdır məhkəmə. Məni raha buraxın.” deyə facebook İnboksuma xanım jurnalistdən son mesajı alıram.

Qəribə müqayisələr və mətbuat səhifələrində “casus ovu”...

Daha sonra, ANS-də qəribə məzmunlu materiallar yayımlanır. Geniş imkanlara malik, öz sözünü söyləmiş bir media qurumudur. Lakin mən ANS-dən gözləmədiyim söz və ifadələr eşidirəm. İnana bilmirəm ki, məni heyrətləndirən bütün bu ritorika ANS-indir. Həmişə od-alov içində, ən qaynar nöqtələrdə görməyə alışdığımız qorxmaz Vahid Mustafa Yev, söz xiridarı Mir Şahin, qocaman, əməkdar jurnalist Mais Məmmədov və neçə-neçə başqaları. Bir sözlə, reportajlarına baxa-baxa böyüdüyüm ANS...

Ancaq faktlar onların rəsmi səhifəsindədir və inanmaqdan başqa çarəm qalmır. Məni tamam depressiyaya salan və öz-özümə “heç gərək bu polemikanı başlatmayaydım” söylədən isə, 1993-cü il aprel hadisələrinin SOVET VƏTƏNDAŞLARININ Stalinqradı müdafiə etməsi ilə eyniləşdirilməsi olur. Lütfən, Stalinqradın müdafiəsində iştirak edən və nizami ordu birləşmələrinin sıralarında döyüşərək həyatlarını itirən, məsələn, elə “Mamayev Kurqanı”nda dəfn olunmuş HƏRBÇİLƏRİN siyahısına baxın. Azərbaycanı SSRİ, Kəlbəcəri Stalinqrad, o zamankı prezident Əbülfəz Elçibəyi isə, Stalinlə müqayisə etmək olarmı.?. Əgər bu mümkünsə, o zaman mənim yazıq və azad bir gün görməyən facebook səhifəm də ANS-in rəsmi veb səhifəsindən daha geniş oxucu kütləsinə malikdir. 

Və bir sitat: ”Ayrı-ayrı maraqlara, bəlkə də xarici kəşfiyyat mənafelərinə xidmət etdiyi şübhə doğurmayan qüvvələrin təsiri altında olan bəzi araqarışdıranlar, bir sıra dövlətlərin maraqlarını həyata keçirənlər bu materialı efirə hazırlayan jurnalistimizi az qala kəlbəcərli qaçqınların hisslərini təhqirdə ittiham ediblər”.

Klassik yayındırma üsuldur. Vətənə xəyanətdə, xarici kəşfiyyatlara işləməkdə ittiham. Həm də, “bəlkə də xəyanətdə”. Özlərinin də şübhələri var. Və milli maraqlara xələl gəlməsin deyə “xəyanətkarlar”ın adı çəkilmir (Konkret danışın, lütfən. Kimlərdir axı o xaricə işləyənlər?). Ancaq əsas səbəb odur ki, ortada xəyanətkar yoxdur. Əlbəttə ki, bu proseslərdə iştirakçı bütün tərəflər buna tam əmindirlər. Sadəcə təhqirə etiraz edən bir qrup var, bir də mən. O etirazçılarla nə tanışlığım var, nə də ki əlaqəm. Və Kəlbəcərli qaçqın yoxdur, köçkün var. Üstəlik, ”köçkünlərin hissələri” anlayışı da, nə isə yeni bir fenomendir.

Təhqirə gəldikdə, ”sürü” və “naxələf” sözləri təhqir deyilmi?

Susaraq danışmaq da mümkün idi

Əksəriyyətdən, tanınmış ziyalılardan, görkəmli ictimai-siyasi xadimlərdən isə, səs-səmir çıxmır. Heç bir qəbahət işləməyən deputat Etibar Hüseynovu topa tutanlar bu məsələdə susqun və mümkün qədər məsafədə dayanmağa çalışırlar. Çünki bu onların məsələsi deyil. Təbii ki, bəlkə də hələlik...

Ancaq cəmiyyət kütləvi şəkildə ANS-ə dinc etirazlarını bildirməli idi məncə bu materiallara görə. Haralılığından asılı olmayaraq hamı. Stalinqrad kurqanlarında həyatlarını vermiş çoxmillətli heyət kimi. Burda onlardan həyatlarını vermək yox, yalnız bir cümlə işlətmək tələb olunurdu. ”Biz sizinlə razı deyilik” şəklində. Sadəcə telekanala zəng vurmaq, imeyl və ya məktub yazmaq kifayət edərdi. Niyəmi, hörmətli ANS-çilər? Papadan daha artıq katolik olmaq şərəfi ilə acizanə surətdə cavablandırır və yekunlaşıram.

Bir niyə və dörd axı...

Axı hər gün deyirsiniz İrəvan, Zəngəzur, Basarkeçər vaxtilə Azərbaycan torpaqları olub! Axı hər gün söyləyirsiniz ki, digər rayonlarda vəziyyət fərqli olub. Bu “bir möhtəşəm etiraf” hansı əsrarəngiz səbəbdən Kəlbəcərə tuş gəldi? Axı elə ANS-in özünə müsahibə verən və əhalinin çıxarılması barədə göstəriş verdiklərini söyləyən o vaxtkı Prezident Əbülfəz Elçibəy və komandası, Azərbaycanı parçalanmaqdan xilas edən Ümummilli Öndər Heydər Əliyev və bütün ali hökumət üzvləri, diplomatlar, BMT-nin o dönəmdə qəbul olunmuş 4 qətnaməsi, habelə hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və bütün dövlət rəsmiləri, diplomatlar 21 ildir ki, Kəlbəcərin Kəlbəcər əhalisinin günahı ucbatından itirildiyini söyləməyiblər və heç indi də belə söyləmirlər!!! Bəs milli maralar? Axı ölkə əhalisinin bir qismini TV-də aşağılamaq, onlara qarşı nifrət təşviq etmək qanunla qadağan olunan əməldir! Eləcə də, məsələnin bu cür kəskin, müharibə zonasından çıxmış əhalinin söyülərək qoyulması açıq-aşkar müharibəyə təşviqdir! Həm də buna səlahiyyəti olmayan insanlar tərəfindən...

Bir neçə kəlimə son söz əvəzi

Kəlbəcərdə həyətimizdə balaca bir alma ağacı vardı. İndi lap böyümüş olar. Atam yaxşı havalarda kabab çəkəndə ailəlikcə o ağacın altında əyləşərdik. Və sonda, şəxsən mənim ən böyük arzum odur ki, müharibə çox dəhşətli fəlakətdir, sülh, bəli, ancaq və ancaq sülh yolu ilə Kəlbəcərə qayıdaq. Mən bu işdə əziz Prezidentimizə, Azərbaycan dövlətinə və çox dəyərli hökümət üzvlərinin hər birinə sıradan bir vətəndaş kimi uğurlar arzulayıram. Tanrıdan diləyirəm ki, münaqişə tərəfləri onlar üçün əlverişli əməkdaşlıq mövqeyinə gələ bilsin. Və mən oradakı evimizdə, həmin ağacın altında ANS-çiləri, eləcə də bütün dünyadan, habelə Ermənistandan olan jurnalistləri qonaq qəbul edim. Kəlbəcər zoğalından çəkilmiş araq badələrini dünyada sülh və əmin amanlığın əbədiliyi şərəfinə başımıza qaldıra-qaldıra bu ANS-lə aramızdakı bu arzuolunmaz hadisələri gülərək xatırlayaq. Və o zaman siz praktiki şəkildə əmin olasınız ki, müxtəlif tarixi ictimai-siyasi hadisə və proseslər nəticəsində müxtəlif dövrlərdə Qərbi Azərbaycan və Anadolunun ayrı-ayrı bölgələrindən yola çıxaraq Azərbaycanın Respublikasının müxtəlif bölgələrində, o cümlədən Kəlbəcərdə məskən salmış insanlar sürü deyil, naxələf deyil, xəyanətkar isə, heç deyil.
Tanrı bütün bəşəriyyəti heç zaman müharibə dəhşətləri ilə sınağa çəkməsin.

Dərin hörmətlə,

Ramin Lev (Əliyev)

Hüquq, din və cəmiyyət
problemləri üzrə tədqiqatçı
hüquşünas-tərcüməçi
sosial-media köşə yazarı

P. S. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, istənilən orduda, hələ-hələ döyüşə gedən zabit-əsgər arasında efirə ”düüüd”süz verilməsi mümkün olan dialoqlara tarix boyu rast gəlinməyib.

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.